Kəngərlidə daha bir minifutbol meydançası fəaliyyət göstərəcək

 

Muxtar respublikada idman infrastrukturu gücləndirilməkdədir. Naxçıvan Muxtar Respublikasının sosial iqtisadi inkişafına dair 2023-2027-ci illər” üçün Dövlət Proqramında birbaşa dövlət dəstəyi hesabına nəzərdə tutulan işlərin icrası ilə paralel olaraq eyni məqsəd və hədəflər istiqamətində sahibkarlarla da iş aparılır. Bunun nəticəsi olaraq Kəngərli rayonu Qıvraq qəsəbəsində yerləşən minifutbol meydançasında yenidənqurma işləri icra olunur.

 

Sentyabrın 3-ü Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərinin müvəqqəti icraçısı, nazir müavini Məcid Seyidov inşaat işlərinin gedişatı ilə tanış olub. Gənclər və idman idarəsinin rəisi Vüsal Hüseynzadə məlumat verib ki, avqustun 31-də yenidənqurma və bərpa prosesinə start verilən meydançada mövcud problemlər təhlil olunmaqla ot örtüyünün döşənməsi, projektorların yenisi ilə əvəzlənməsi, boyama və digər zəruri işlər həyata keçirilməkdədir. İnşaat işləri paytaxt Bakıda fəaliyyət göstərən və bu sahədə böyük təcrübəsi olan özəl şirkətin işçi qrupu tərəfindən icra olunur. Nazir müavini əhalinin, xüsusən də gənc nəslin idmana təşviqi və idman xidmətlərinin əlçatanlığı baxımından meydançanın əhəmiyyətini xatırladıb, sözügedən idman obyektinin standartlara uyğunlaşdırılmasına xüsusi diqqət göstərilməsinin vacibliyini diqqətə çatdırıb.

 

Məlumat üçün bildirək ki, 2008-ci idə inşa olunan minifutbol meydançası istifadəyə yararsız olduğu üçün 4 il fəaliyyətsiz qalmışdı. Bu ilin iyun ayında nazirlik tərəfindən keçirilmiş vətəndaş qəbulu çərçivəsində rayon sakini - sahibkar Söhrab Həsənli meydançadakı problemləri şəxsi vəsaiti hesabına aradan qaldırmaqla icarəyə götürmək istədiyini bildirmiş, prosedura uyğun olaraq aparılmış müzakirə və məsləhətləşmələrdən sonra bununla bağlı hüquqi prosedur başladılmışdır. Qanunvericiliyin tələbləri gözlənilməklə dövlət əmlakından istifadə ilə bağlı həmin sahibkarla əməkdaşlıq müqaviləsi bağlanılmış və müqavilə öhdəliklərindən biri kimi meydançada yenidənqurma işləri başladılmışdır.  Digər bir öhdəlik isə meydançada idman yarışlarının və məşqlərin keçirilməsi üçün təmənnasız şərait yaradılacaq.

 

Xatırladaq ki, rayonun Qabıllı kəndində də minifutbol meydançası mövcuddur.

 

 Naxçıvan Muxtar Respublikası Gənclər

və İdman Nazirliyinin mətbuat xidməti